QARABULAQ
  Yağlıvənd
 

 
                                                          
                YAĞLIVƏND
 
Füzuli şəhərinin yeddi kilometrliyində yerləşən Yağlıvənd kəndi təbiəti və mənzərəsi ilə fəxr edə bilər. Yağlıvənd Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Kəndin sağ tərəfindən mənbəyini qarı-buzu avqusta belə əriməyən qalın meşəli uca dağlardan, çeşmələri göz yaşı kimi süzülüb çaya çevrildiyi cənnət məkanlardan götürən Köndələn çayı axıb elə öz adını da daşıyan gölə tökülür.
Başqa bir istiqamətdən axıb gələn, yalnız səfalı dağların, çeşmələrinin, bulaqların suyundan süzülüb gələn, kəndi bir hissədən bölüb, O tay Lələli məhləsini qalan böyük hissədən-Rənşəlli, Lələli, Çökək Məhlə, Qədirli, Kovxalı, Aşırlı, Təzə Məhlə kimi məhəllələri birləşdirən böyük hissədən ayırdıqdan sonra Köndələn gölünə tökülən ikinci çayımız isə Ağoğlandır.
Çayların birləşdiyi yerə bizlərdə Suqovuşan deyərdilər, həmin suqovuşan yerdə vaxtilə bir yumru təpə, təpənin altında isə suyu diş göynədən bir bulaq var idi. Kənd arasında bu təpəyə Yumru təpə, həmin bulağa isə Təpə bulağı deyərmişlər. Ona görə “deyərmişlər” deyirəm ki o bulaq yoxdur. Çünki 1955-ci ildə Suqovuşan və Təpə bulağından 5-6 yüz metr aşağıda çayların qarşısını kəsib, bənd atdılar və yuxarıda haqqında söhbət açdığım Köndələn səddini tikdilər. Rəsmi sənədlərdə 1 N-li Köndələnçay Su anbarı adlandırılan bu gölün su tutumu 20 milyon kubmetr təşkil edir. Tikintisi 1962-ci ildə başa çatdırıldıqdan sonra göldə suyun səviyyəsi qalxaraq nəin ki Suqovuşanı və Təpə bulağını, habelə Tağının yurdunu, Məhər bulağını, Haqış bulağını, Fərhadlı tayfasından olan Tağı Məşədi Həsanalı oğlunun kolxozçulara torba-torba daşıtdırıb saldırdığı Daş yolu, Məhərin dəyirmanını, Qurbanalı dərəsini, Alı bulağını, Alının tut bağını, bir çox başqa tarixi yerləri və yurdları su altında qoyaraq kəndin içərilərinə doğru “yerimiş” bir neçə yerdən “paralayaraq” ona xüsusi gözəllik və yaraşıq vermişdir... Yağlıvəndin sayılıb-seçilən şairlərindən biri Kərim Kərimli böyüyüb başa çatdığı öz doğma kəndini belə vəsf etmişdir:
Bu kəndin tarixi ərazisi, vaxtilə mallı-mülklü, varlı-hallı, əksəriyyəti gəlladar olmuş Yağlıvənd camaatının torpaqlarının bir ucu Şahsevən ellərindən (indiki Beyləqan rayonu) başlayıb Murad təpəsində (Göyçə mahalı) qurtarırmış.
Yağlıvənd kəndinin tarixi çox qədimdir. Kəndin tarixçəsini neçə minilliklərə aparan yer adları, toponimlər mövcuddur. Xüsusən də kəndin yaxınlığında aşkar edilmiş qoç qəbir daşları, qədim dövlətlərə məxsus pul, nizə, ox, kənd təsərrüfatında işlədilər qədim əşiyalar və eləcə də digər məişət əşiyası kəndin qədimliyindən xəbər verir.
Azərbaycan və qonşu indiki Ermənistan ərazisinin ən qədim məskunlarından biri, dillərinin Azərbaycan (türk) dilinin kökündə dayanması şübhə doğurmayan bulqarlar-vənədlər olmuşlar. 5-ci yüz illikdə yaşamış erməni tarixçisi Xorenli Movsesin verdiyi məlumata görə, hələ milatdan əvvəl 2-ci yüzillikdə bulqar soyları Zaqafqaziyanın müxtəlif yerlərində məskun olmuşlar. O, göstərir ki, indi də, yəni onun yaşadığı 5-ci yüzillikdə də onların adları ilə bağlı toponimlər qalmaqdadır. Xorenli Movses bu əraziyə gəlmiş bulqar soylarının başçısının Bayandur Bulqar Vənd olduğunu göstərir. Bu soyları onoqurlar (on oğuzlar), Hayladurlar da adlandırırlar. Bu soyların Azərbaycan ərazisində olmaları o vaxtdan qalmış yer adları ilə, toponimlərlə təsdiq olunur. Məsələn, Ordubad rayonunda Vənən, Zəngəzur rayonunda Vənətli, Lerik rayonunda Vənədi yaşayış yerləri, Lənkəranda bulqar çay, Xocavənd, Ağdam rayonunda Papravənd, Füzuli rayonunda isə Yağlıvənd kəndinin adını çəkmək olar.
1.5 milyon il yaşı olan Azıx mağarasının 8 kilometrliyində yerləşən Yağlıvənd kəndinin yuxarıda göstərilən toponimlərdə adının çəkilməsi onu göstərir ki, Yağlıvənd kəndi ən qədim yaşayış məskənlərindən biridir.
Yağlıvənd kəndinin dünya fatehi Əmir Teymura silahsız qələbə qazanması ilə bağlı da rəvayət mövcuddur. Həmin rəvayət 500 ildir ki, dildən-dilə gəzərək, qərinələri, əsrləri geridə qoyub bu günümüzə qədər gəlib çıxmışdır.
Qocalar və müdriklər belə nəql eləyirlər ki, dünya fatehi Əmir Teymur Qarabağa hücum edərkən qoşun Araz çayını keçir və Haramı adlanan düzdə qoşuna istirahət verir. Qonşunun dincəlməsi üçün istirahət verilən həmin yer, köçəri camaatımızın yaz yatağı idi. Tarixən qəhrəman ruhlu olan, döyüşkən, at çapıb, qılınc oynadan, yumruğu ilə qayaları toza döndərən, köhlənlərin dizlərini qatlayan, öküzləri çiyinlərinə alıb aparan, oxu hədəfindən yayınmayan, quşu gözündən, ceyranı dırnağından vuran Yağlıvənd elatının igidləri obada Teymurun törədə biləcəyi qansızlıqların qarşısını almaq və ya heç olmasa buna sakitcə baxıb lal şahid olmamaq fikri ilə döyüşə hazırlaşırlar. Lakin kəndin dünya görüşmüş ağsaqqalları, baş bilənləri bu hərəkəti-müsəlləh və nizami Teymur ordusuna qarşı durmağı ağılsızlıq hesab edərək nə isə tədbirli bir iş görməyin gərək olduğunu söyləyirlər. Teymurun yanına elçi göndərməyi məsləhət görürlər. Və Teymurun düşərgəsinə elçilər göndərib onun bu işğalçılıq döyüşündən əl çəkməyə, qan tökmədən, cənnətin bir guşəsi olan bu kəndi xarabazara çevirməkdən çəkinməyə çağırırlar. Teymur yanına gələn ağsaqqalları şzündən incik salmaq istəmirmiş kimi bir qədər fikirləşib razılıq verir: Yaxşı, mən razı. Ancaq bir şərtlə.Sabah qoşunu yedirmək sizin boynunuza. Əgər qoşun doyarsa mən bu döyüşdən əl çəkirəm. Və obanıza toxunmayacam. əks təqdirdə... döyüşə hazır olun! Teymurun hökmü qəti idi. O, bilirdi ki, bu qədər qoşun-ləşkəri yedirib-doyurmaq mümkün deyil. Ona görə də sabahkı hərəkətlərinə indidən bəraət qazandırmaq üçün bu təklifi verirdi. Lakin Yağlıvənd camaatının dünya görmüş ağsaqqalları razılıq verirlər. Sabah deyilən vaxta Əmir Teymurun qoşunu nahara dəvət olunur. Təbii otlardan yaşıl xalısı olan ucu-bucağı görünməyən yumşaq çəmənlikdə ləşkər bardaş qurur, süfrəyə oturur. Çox keçmir ki, hər oturma bir qoyun şaqqalayan əsgərlər əlini süfrədən çəkir. Xəbəri Əmirə çatdırırlar. “Nə olmuşdur? Burada nə sirr var?”-deyə Teymur maraqlanır.
Yağlıvəndlilərin hazırladıqları yeməklərdən Əmir Teymura da gətirirlər. Və o da yeyib tez doyur. Kənd camaatının çox yağlı plov hazırladığını aşkar edən Teymur çıxılmaz vəziyyətdə qalır. Bir anlıq fikirə dalır. Nə edəcəyi barədə düşünür. Yağlıvəndlilərin bu hiyləsinə bərk əsəbləşsə də özünü o yerə qoymur. Çıxılmaz vəziyyətdə qalır. Və verdiyi vədə əməl etməməyi dünya ilə bir şöhrəti olan Əmir Teymur adına yaraşdırmayıb deyir: “Yağlı fənd işlədib mənə qalib gəldiniz. Sizin kəndin adı Yağlıvənd deyil, Yağlıfəndir. Mən bütün dünyanı fəth etdim, bu qədər ağıllı bir kəndə rast gəlmədim, afərin sizə”.
Bax beləcə Yağlıvənd ağsaqqallarının ağıllı tədbiri ilə kənd Əmir Teymurun hücumlarından sığortalandı.
Bu yerlər bütün yağlıvəndlilər kimi mənə də əzizdir, doğmadır, müqqəddəsdir. Təkcə ona görə yox ki, bura vətənimizin bir hissəsidir. Həm də ona görə müqəddəsdir ki, bu yerlərdə ulu babalarımız əbədi uyuyur. Ulu babam Hacı Fərhadın adı ilə obamızda “fərhadlılar” kimi tanınan nəslimizin hamısı üçün doğmadı bu yerlər. Ulu babamızın adı indi də yaşayır bu yurdlarda. Uca dağların çiynindən aşıb, qalın meşələrin qoynundan dolaşıb keçən el yolunun zirvəsinə qalxıb üzü aşağı sallandığı aşırıma indi də bizim elatda, kəndimizdə bu ətraf yerlərdə vaxtilə ona mənsub olmuş ərazilərə “fahratdı (“fərhadlı”) gədiyi” deyirlər.
Qarabağın sinəsinə dağ çəkdilər, ən gözəl yerləri, meşəli, çeşməli, dağlı-dərəli, səfalı yerlərini parçalayıb adının qabağına “Dağlıq” sözü yazmaqla iki yerə böldülər (çox təəssüf ki bu termindən indi də istifadə olunur). Sonra ordan-burdan erməniləri yığıb bir əraziyə topladılar. Qarabağın dağlanmış, dağlıq edilmiş hissəsində qondarma muxtar vilayət yaratdılar. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra yuxarıda haqqında danışdığım bu əraziləri Qaryagin (indiki Füzuli) rayonundan alıb yenicə təşkil olunmuş, ciddi-cəhdlə ərazilərinin genişləndirilməsinə və xüsusən əhalisinin hər vəchlə erməniləşdirilməsinə çalışan Hadrut rayonuna bağışlayıblar. Beləcə torpağımızın böyük bir hissəsi də erməniləşdirilib. Özüdə ən gözəl ərazilər. Qalın meşələr, yaşıl çəmənlər, əkin sahələri, hər qarışında müxtəlif kimyəvi tərkibli can dərmanı, mineral sular qaynayan dağ massivləri...
Son illərə qədər, daha dəqiq desək, 1988-ci ilə qədər hər yay ailəlimiz o yerlərə, o dağların, meşələrin qoynuna dincəlməyə getmişdir. Cavanlar mal-qaranı, qoyun-quzunu dəstələyib aparar, arvad-uşaq gəlincə çadır qurardılar. Yağlıvəndlilərin əksəriyyətinin bu ərazidə öz yurd yerləri, daimi düşərgələri var idi.
Bir tərəfdən keçmiş DQMV ərazisi həmsəhrəd olan Yağlıvənd kəndi Qarabağdan Zəngəzura gedən qədim araba yolunun, el yolunun üstündə və keçmiş DQMV ilə indiki Ermənistan arasındakı ən qısa məsafənin keçdiyi ərazidə yerləşdiyindən ermənilər həmişə bu kəndi diqqət mərkəzində saxlayıblar. Bizim vəzifə hərislərimizdən, “qeyrətli”, “başbilən” başabəla rəhbərlərimizdən, ixtiyar sahiblərimizdən fərqli olaraq ata-babalarımız bu kəndin, bu yurdun, bu torpağın qədrini bilib, onu canından artıq sevib və qoruyub bizim üçün saxlayıblar. 1904-1907, 1918-1920-ci illərdə seçmə erməni dəstələri yaradıb, buladıqları quyruğa görə baş sığalı aldıqlarının cəbhəxanalarından silahlanıb Yağlıvəndə hücuma keçiblər. Yağlıvəndin cəsur oğulları həmişə bu fitnəkar hücumların qarşısını alıb, yüzlərlə düşmənin burnunu ovub geriyə oturdublar. Bu faktı ermənilər də həmişə etiraf ediblər. 1993-cü ilin avqust ayının 15-dək hələ bir dəfə olsun Yağlıvənd məğlub edilməyib, əksinə Yağlıvəndin igid oğulları Qaçaq Rəşid, Qaçaq Səfəralı, Məşədi Həsənalı oğlu Qara, Balakişi, Eminalı oğlu Vəli, İbadulla oğlu Məhər, Məşədi Paşa və başqaları kimi xalq qəhrəmanları erməni kəndlərini həmişə nəzarət altında saxlayıb, öz iradəsini onlara qəbul etdirib.
 
   
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə,
həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

Telefon: (+99450) 286 31 41, (+99455) 252-05-90. E-mail: tagiturk@rambler.ru
Saytın müəllifi: Tağı Kərimli

© Copyright 2011, "ARZUMANOĞLU"