SARI SİMƏ TOXUNANDA...
Hər milləti millət kimi tanıtdıran onun qədim köklərə malik milli mədəniyyəti, irsi, tarixi kökləri, adət-ənənələridir. Bizim simvolumuza çevrilən, musiqimizin milli atributu hesab edilən musiqi alətlərindən biri, bəlkə də elə birincisi tardır.
Milli musiqi mədəniyyətimizin nadir incisi sayılan tar milyonların marağına səbəb olmuş, unudulmaz tarzənlər - Azərbaycan tarının "atası" Sadıqcan, görkəmli tarzənlər Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Əhsən Dadaşov, Ramiz Quliyev, Baba Salahov, Möhlət Müslümov, Zamiq Əliyev, Firuz Əliyev və başqaları Azərbaycan tar ifaçılığı məktəbinin ənənəsini qoruyub sağlamağı gənc həmkarlarına tövsiyə etmişlər. Bu gün də həmin insanların davamçıları var və Azərbaycan mədəniyyətinin, musiqisinin inkişaf etdirilməsində, dünya xalqlarına tanıdılmasında xidmət göstərirlər. Onlardan biri də Əməkdar artist, istedadlı tarzən Elçin Həşimovdur.
Həşimov Elçin Ləzgi oğlu 5 sentyabr 1973-cü ildə anadan
olmuşdur. O, 1980-ci ildə Bakı şəhə
r 201 saylı orta məktəbin birinci sinfinə getmiş, 1988-ci ildə orta məktəbi bitirmişdir. Orta məktəbdə oxumaqla yanaşı 1984-1988-ci illərdə 8 saylı musiqi məktəbində tar ixtisası üzrə təhsil almışdır.
- İlk müəllimim Fikrət Manafov olub. Sonra da taleyim elə gətirdi ki, muğamın sirlərini Azərbaycanın ən tanınmış pedaqoqları olan Kamil Əhmədovdan, Akif Novruzovdan öyrəndim. Amma sənət elədir ki, onu tək tədrislə öyrənmirlər. Mən Şövkət Ələkbərovaya, Gülağa Məmmədova, Rəşid Behbudova, Habil Əliyevə qulaq asıram - mənim üçün əsl sənət məktəbi budur. Mizrabı tutmağı isə mənə adını çəkdiyim müəllimlərim öyrədib, - bu sözləri ustadlara böyük məhəbbətlə tarzən Elçin Həşimov deyir.
O, 1988-ci ildə Asəf Zeynallı adına musiqi
texnikumuna daxil olmuş, 1992-ci ildə həmin texnikum
u fərqlənmə diplomu ilə bitirərək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirmiş, təcrübəli pedaqoqlardan dərs almışdır. 1997-ci ildə akademiyanı bitirən Elçin Həşimov tara olan sevgisi, sənətə gəlişi barədə bunları bildirdi:
-
Mən Bakıda anadan olmuşam. Amma valideynlərim Füzuli rayonunun Əhmədbəyli və Mahmudlu kəndlərindəndirlər. Babam kəndin ziyalısı olub - məktəbdə fizika müəllimi işləyib. Xan Şuşinski, Əbülfət Əliyev, Yaqub Məmmədov dəfələrlə bu kəndlərdə konsert veriblər. Kənddə ilk dəfə tar dərnəyini də babam yaradıb, ilk tarı da kəndimizə babam gətirib. Anamın da o vaxtdan arzusu olub ki, mən tarçalan olum. Atam da həvəskar tar ifaçısı olub. Gözümü açıb evimizdə tar görmüşəm. Xalq musiqisinə sevgi mənə valideynlərimdən keçib. Mənim birinci müəllimim də elə atam olub. O, mənim çalğımdan heç vaxt razı qalmırdı. Həmişə məni sıxırdı. Ancaq, deyəsən, son beş ildə razı qalmağa başlayıb. Muğamlarımızın hamısını əzbər bilir. Bütün dərslərimə mənimlə birgə gedirdi. Axırda Kamil müəllim dedi ki, gəl, bir dənə də tar sənə verim.
Elçin Həşimov 1993-cü ildə Asəf Zeynallı adına musiqi texnikumunda əmək fəaliyyətinə başlamışdır. O, həm də Opera və Balet Teatrının solisti vəzifəsində çalışır. 1999-cu ildən bu vəzifəni daşıyan Elçin Həşimov "Leyli və Məcnun", "Gəlin Qayası", "Natəvan", "Tomris" və s. əsərlərdə bir-birindən gözəl solo partiyaları ifa etmişdir.
O, 2000-ci ildən hal-hazıra kimi Milli Konservatoriyada baş müəllim vəzifəsində əmək fəaliyyətini davam etdirir.
Elçin Həşimov yalnız Azərbaycan dinləyicilərini deyil, dilindən, dinindən, milliyyətindən asılı olma
yaraq bütün dünyada tara meyl
göstərən və göstərməyənləri mahir ifası ilə heyrətə gətirir.
Çünki dili ilə deyə bilmədiyini mizrabla, zərif simlərlə, könül oxşayan notlarla səsləndirir. Elçin Həşimov dəfələrlə ABŞ-da, İngiltərədə, Fransada qastrol səfərlərində olmuş, Azərbaycan musiqisini, incəsənətini layiqli təbliğ etmişdir. Hollandiyada dünya orkestrinin tərkibində Azərbaycanı təmsil etmiş, Norveçdə, İsveçdə, Avstriyada, İsveçrədə, BMT-nin Qurultay Sarayında çıxışlar etmişdir. O, Ukraynada, Rusiyada, Belarusda, Özbəkistanda, Türkmənistanda keçirilən beynəlxalq musiqi müsabiqələrində iştirak etmiş, "Şərq təranələri" beynəlxalq musiqi müsabiqəsinin laeuratı olmuşdur.
Xarici səfərlərin birində baş vermiş bir epizodu xatırlayan Elçin Həşimov Azərbaycanda əsl sənətə olan marağın davamlı olmasının zəruriliyini vurğuladı:
- Bir epizod danışım sizə, çox böyük mənası var. Amerikada bizimlə birgə ermənilər də konsert verirdilər. Festival günlərində konsertlərdən sonra hamı bir masanın arxasına yığışıb, milli musiqisindən, çalğı alətlərindən danışır, parçalar ifa edirdi. Söhbət edirdik, alətlərlə maraqlanırdıq. Hər kəs öz folklorundan danışırdı. Festivalda bizim rəsmi təmsilçimiz Cefri Veyrbax idi. O, özü də folklorşünasdır. Belə məclislərin birində Cefri kamançanı götürüb başladı çalmağa. Bir tərəfdə də Nyu-Yorkda yaşayan, İrandan gəlmiş erməni əyləşmişdi. Elnur da oturmuşdu Cefrinin yanında. Cefrinin çalğısı hamının diqqətini cəlb etdi. Birdən çalğının şirin yerində Cefri dedi ki, mən heç nə çalmıram, indi görün ustad nə çalacaq və kamançanı Elnura uzatdı. Hamı da diqqət kəsilmişdi. Elnur həm öz musiqimizdən, həm də dünya bəstəkarlarının əsərlərindən parçalar çaldı. Elnur çalanda anadolu türkləri durub oynadılar, əl çalıb yallı getməyə başladılar. Bütün məclis dönüb bizə tamaşa etməyə başladı. Elə bu vaxt Cefri yenə qəfildən kamançanı Elnurun əlindən alıb uzatdı erməniyə. Və erməni dilində ona: "Sən də çal" - dedi. Erməni əvvəlcə tutuldu, sonra: "yox" - dedi. Cefri təkid etdi ki, yox, çalacaqsan. Erməninin yoldaşları da dedilər ki, dur, çal, bizi pərt eləmə, o, çalmadı. Bu, kiçik bir epizod olsa da, mən burada bizim, Azərbaycan sənətinin qələbəsini görürəm. Amma bu qələbəni qoruyub saxlamaq üçün Elnurun arxasınca da gələn olmalıdır axı. Erməni bu gün qabağımızda duruş gətirə bilmədi, bəs sabah?
Bütün konsertlərimizi videolentə yazırdılar. İfaçıların özləri də bizə qulaq asmaqdan ötrü çıxışlarından sonra tez paltarlarını dəyişib salonda əyləşirdilər. Söhbət bizdən yox, milli musiqimizdən gedir. Bu, bir faktdır ki, bizim sənətkarlarımız güclüdür. Amma, əfsuslar olsun ki, indi sənətdə bəzən başqa maraqlar da yaranıb. Əvvəllər də rəqabət olub, bu rəqabətin, çaxnaşmanın içindən Əhsən Dadaşov, Hacı Məmmədov parlayıb çıxıb. Ramiz Quliyev öz-özünə Ramiz Quliyev olmayıb, rəqabətdən yaranıb. İndiki rəqabətsə başqadır. Götürüb bir dənə mahnı yazıram, pul qoyub qəşəng bir klip də çəkdirirəm. Sonra da reklam edirəm. Beləcə, oluram məşhur.
Müqayisələr aparanda, özümü xoşbəxt sayıram ki, mən Niyazinin orkestrində çalmışam, Şövkət xanımı görmüşəm, Yaqub Məmmədovu, Arif Babayevi, Alim Qasımovu, Ağaxan Abdullayevi müşayiət eləmişik. Bu, çox böyük xoşbəxtlikdir. Adlarını çəkdiyim sənətkarlar bizim mədəni sərvətimizdir. Xaricdə belə insanlara heykəl qoyurlar, dəfələrlə onları ziyarət edirlər ki, belə insanlar bizim müasirlərimizdir. Amerikada üçüncü konsertimizdən sonra festivalın direktoru haqqımızda film çəkilməsinə qərar verdi. Azərbaycan musiqisindən 20 dəqiqəlik xüsusi buraxılış hazırladılar. Niyə məhz Azərbaycan musiqisindən? O, gördü ki, bizim musiqimiz necə təsir gücünə malikdir. Sonuncu konsertdə biz çıxış etmək istəmirdik. "İpək yolu" festivalının təşkilat rəhbəri şəxsən özü çıxış etməyimizi bizdən xahiş etdi.
Elçin Həşimov milli musiqimizin inkişafında göçstərdiyi xidmətlərə görə "Humay" mükafatına layiq görülmüşdür. O, bir sıra müsabiqələrdə, xüsusən Üzeyir Hacıbəyovun 120 illik yubleyi münasibəti ilə keçirilən televiziya musabiqəsində gəncləri müşayiət etmiş, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
O, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar artist adına layiq görülmüşdür.